İş təcrübəsini insanları xilas edərək qazanmaq: Azərbaycanda Covid-19-un qarşısının alınmasında peşə təhsili məzunlarının töhfəsi

Fadilə Nəsibova Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində dərzi ixtisası üzrə təhsilini ötən il tamamlayıb və çox keçmədən bacarıqlarını daha yaxşı məqsədlər üçün istifadə etməyə imkan yaradan iş tapıb.

Dərzilik kursunu bitirən iyirmi məzunla birgə Fadilə, Azərbaycanda tibbi maskaya tələbatın artdığı dönəmdə Covid-19-un yayılmasının qarşısının alınması üçün hər həftə yüz minlərlə maska ​​istehsal edən müasir aparatları idarə etməklə məşğul olub.

“Bu çətin vaxtlarda iş tapmaq asan deyil” o deyir. “Üstəlik, həll yoluna töhfə verən bir iş tapmaq daha yaxşıdır. Bu iş mənə həqiqətən də faydalı olduğumu hiss etdirir.”

Təxminən 85 işçinin çalışdığı maska ​​istehsal mərkəzi Fadilənin oxuduğu peşə təhsil mərkəzində qurulub. Təşəbbüs Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən pandemiya baş verdikdən dərhal sonra başladılıb və daha sonra Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı (BMTİP) tərəfindən dəstəklənib.

İstehsalı mümkün qədər sürətlə dəstəkləmək üçün, Avropa İttifaqının maliyyə dəstəyi ilə alınmış, maska iplikləri üçün istifadə edilən iki müasir avadanlıq və bir ton xammal BMTİP-nin beynəlxalq təchizat zənciri vasitəsilə Bakıya çatdırılıb.

İlk vaxtlarda günlük 15.000 maska hazırlayan müəssisədə istehsal sürətlə artıb və həftəlik 400.000 maska ​​istehsalına çatıb. Maskaları müxtəlif rəng və ölçülərdə, səmərəli qiymətə yerli apteklərdən əldə etmək mümkündür.

85 nəfər əməkdaşın böyük əksəriyyəti peşə təhsil mərkəzinin yeni yaxud əvvəlki tədris ilinin məzunlarıdır və yarısından çoxu qadındır.

Maska istehsalı təşəbbüsü məzunlara iş təcrübəsi imkanları təmin edərək onlara dəyərli bacarıqlar qazanmağa şərait yaradıb. Bu təşəbbüs, ölkəyə yalnız pandemiya ilə mübarizə aparmaqda dəstək göstərmir, eləcə də sürətlə dəyişən iqtisadiyyatda peşə təhsilinin artan əhəmiyyətini bir daha vurğulayır.

“Bu iş təcrübəsini əldə etmək hamımız üçün çox vacibdir”, Fadilə qeyd edir. “Bizi həqiqətən həvəsləndirən amil, fərq yaratdığımıza inanmağımız və insanların virusa yoluxmasını və başqalarına yoluxdurmasını dayandıra biləcəyimiz hissidir. Hər kəs maska ​​taxmalıdır!”

Bütün hesabatlar maskaların Covid-19-un yayılmasını azaltmaq və nəticədə insanları xilas etmək üçün təsirli tədbir olduğunu göstərir, lakin maska taxılması təkbaşına yetərli deyil. Maska ‘Hər şeyi et!’ yanaşmasının bir hissəsi olmalıdır, yəni fiziki məsafəni qorumaq, xüsusən də sıx və havalandırılmayan məkanlardan mümkün olduğu qədər uzaq gəzmək, asqıran və öskürən zaman burnu və ya ağızı örtmək və təbii ki, əllərimizi yumaq buraya aiddir.

***

Təşəbbüs “Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək” (2017–2020) layihəsi çərçivəsində icra edilib. Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilib, BMT-nin İnkişaf Proqramı və Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən Azərbaycanın peşə təhsili və təlimi sisteminin gücləndirilməsi və müasirləşdirilməsi məqsədi ilə həyata keçirilib.

Get the Medium app

A button that says 'Download on the App Store', and if clicked it will lead you to the iOS App store
A button that says 'Get it on, Google Play', and if clicked it will lead you to the Google Play store