İnklüziv incəsənət dərsləri danışma və eşitmə çətinliyi olan gənc qızın özünə inamını artırır

UNDP Azerbaijan
3 min readDec 3, 2020

--

Bir çox əlilliyi olan gənc kimi, 17 yaşlı Şəms də orta təhsilinin çox hissəsini oxşar eşitmə və danışma çətinlikləri olan digər uşaqlarla birgə keçirib. Fərqli qabiliyyətlərə malik uşaqlarla ünsiyyət və birgə öyrənmə imkanları isə məhdud olub.

Şəms həyatdan zövq almaq üçün heç bir əngəl tanımır. O, idman və incəsənətlə fəal məşğul olur. Lakin uzun müddətdir ki, Şəms, fərqli gənclərlə tanış olmaq və sosiallaşmaq, eləcə də daha müstəqil və dolğun bir həyat üçün lazımi ünsiyyət bacarıqlarını inkişaf etdirmək istəyirdi.

Şəms keramika dərslərində

Belə bir imkan ötən il Bakıda Sənətkarlıq üzrə İnklüziv Təlim Mərkəzinin açılması ilə baş verdi. Bu Mərkəz, əlilliyi olan uşaqlar və gənclər üçün inklüziv peşə proqramlarına çıxış imkanlarını artırmaq üçün Avropa İttifaqı tərəfindən maliyyələşdirilən təşəbbüsümüz çərçivəsində Bakıda təsis edilib.

Mərkəz taxta, dulusçuluq, vitraj, batika və dekorativ əl işləri üzrə müxtəlif qabiliyyətli uşaqlar və gənclər üçün bir sıra kurslar təklif edir.

Şəms keramika kursuna yazılır və mərkəzin məşhur müəllimi, özünün də ‘Saleh baba’ deyə qeyd etdiyi Saleh Məmmədovun rəhbərliyi altında saxsı qablar düzəltməyin incəliklərini öyrənən 32 yeniyetmə sırasına qoşulur.

“Şəms həqiqətən canlı və parlaq bir şəxsiyyətdir,” Saleh müəllim deyir. “O, münasibət qurmaq üçün təşəbbüs göstərir və həmişə öyrənməyə can atır. Gəldiyi gündən sosial bacarıqlarını artırmaq və yeni dostlar qazanmaq üçün fürsətlərdən fəal istifadə edir.”

Keramika dərsləri qısa müddətdə Şəms üçün həftənin ən sevimli saatlarına çevrilir. Böyük bacısı Gülnar Mərkəzin Şəmsə, olduqca müsbət təsir göstərdiyini deyir:

“Orada hər cür fərqli qabiliyyətə malik, müxtəlif çətinlikləri olan və olmayan digər yeniyetmələrin iştirakı tamamilə inklüziv bir mühit yaradır” deyə Gülnar izah edir. “Bacım hər zaman özünü müxtəlif vasitələrlə ifadə etməyə və insanlarla qaynayıb-qarışmağa həvəs göstərib və burada da onu edə bilir. Düşünürəm ki, Mərkəzdəki fəaliyyəti, onun özünə baxışını və digər yeniyetmələrlə bağlı düşüncə tərzini, eləcə də özünün nələrə qadir ola biləcəyi barədə fikirlərini dəyişib.”

Şəms bacısı Gülnar ilə

Gülnarın bu cür qiymətləndirməsi, “Ənənəvi İncəsənət vasitəsilə İnklüziv Təhsilin Təşviqi” layihəsi çərçivəsində bu Mərkəzin yaradılmasında əməyi keçən hər kəsə xoş təsir bağışlayır.

BMTİP-nin Azərbaycandakı ofisinin layihə üzrə eksperti Zərinə Əliyeva, Mərkəzin məqsədi dəqiq olaraq “öyrənmək və sosiallaşmaq üçün daha inklüziv şərait yaratmağa səy göstərərək hamını eyni cəmiyyətin bir hissəsi kimi hiss etdirməkdir” deyir. “Bu, heç kəsi kənarda qoymamaq deməkdir və bu heç də öz-özünə baş vermir” o, qeyd edir.

Avropa İttifaqının maliyyəşdirdiyi bu layihəni BMTİP, İçərişəhər Dövlət Tarix və Memarlıq Qoruğu ilə birgə həyata keçirir və bu vaxta qədər 112 tələbə üçün inklüziv təhsil imkanları təmin edə bilib.

Saleh müəllim “bunun kimi bir çox proqram və mərkəzin olması lazımdır” deyir. “Bütün gənclərin həmyaşıdları ilə sosiallaşmaq, birgə öyrənmək və təhlükəsiz bir məkanda fərqli qabiliyyətli insanlarla ünsiyyət qurmağı öyrənməyə imkanı olmalıdır. Bu, inklüziv və sağlam bir cəmiyyət üçün labüddür.”

Şəmsin Mərkəzdən dostları

Bu ilin əvvəlində Covid-19 pandemiyasının baş verməsi ilə Mərkəz fiziki fəaliyyətini dayandırmalı oldu. Bu, Şəmsin məyusluğuna səbəb oldu, lakin çox keçmədən layihə komandası tələbələri adi vaxtlardakı kimi fəal və sıx əlaqədə saxlamaq üçün alternativ həll yollarını düşündülər. Pandemiyanın ilk günündən etibarən Avropa İttifaqının dəstəyi ilə BMTİP, tələbələrin evlərinə iş avadanlıqlarını çatdırdı və əl işlərini evdə hazırlamağa davam etmələri üçün onlara onlayn dərslər təşkil etdi.

Şəmsin vitraj üzrə əl işləri

Nəticədə Şəms, yeni dostları ilə ünsiyyətdə qala və həftəlik dərslərinə davam edə bildi. Keramika işlərini bişirmək üçün evdə soba olmasa da, Şəms bu işlərdən vaz keçmədi və əksinə, digər sahələrə də maraq göstərməyə və vitrajla məşğul olmağa başladı. “Dostlarım üçün darıxıram, Saleh baba üçün darıxıram” Şəms deyir, “amma bilirəm ki, tezliklə hamımız yenidən birgə olacağıq.”

--

--

No responses yet