Qadınlara qarşı zorakılığa son qoymaq hər kəsin vəzifəsidir — qadınlara və qızlara dəstək olmaq vaxtıdır!

Xanım Bahar Muradova, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

Dr. Caidev Sinqh, USAID-in Missiya direktoru

Cənab Alessandro Frakassetti, BMTİP-nin Rezident nümayəndəsi

Ötən il ərzində bütün dünyada qadınlara və qızlara qarşı məişət zəminində zorakılıq halları barədə daxil olan məlumatlar dəfələrlə artıb, yardım üçün qaynar xəttlərə edilən zənglər isə beş dəfəyə qədər artmışdır.

COVID-19 və onun təsirləri, o cümlədən bir çox ölkələrdə aylarla davam edən ciddi məhdudiyyətlər qapalı qapılar arxasında gizlənən, çoxlarının “kölgə pandemiyası” adlandırdığı məişət zorakılığı halları ilə müşayiət olunub.

Dünyada təxminən hər üç qadından biri fiziki və ya cinsi zorakılığın qurbanı olub. Zorakılıq hallarında bu son təlatüm bir daha gender zəmnində zorakılıq hallarının qarşısının alınmasında təxirəsalınmaz qabaqlayıcı tədbirlərin görülməsinə ehtiyac olduğunu ön plana çəkir.

Azərbaycanda rəsmi statistik məlumatlar onu göstərir ki, 2019-cu ildə ən azı 1,038 qadın məişət zorakılığının qurbanı olub. 2020-ci ilin mart-sentyabr aylarında isə qadınlara qarşı 679 cinayət faktı qeydə alınmışdır. Bu rəqəmlər hər birimiz üçün ciddi bir çağırışdır.

Azərbaycan Hökuməti bu çağırışa rəsmi olaraq bu ilin noyabrında təsdiq edilən məişət zorakılığı ilə mübarizəyə dair Milli Fəaliyyət Planını işləyib hazırlamaqla cavab vermişdir. Bu planın gələcək aylarda və illərdə icra edilməsi, milli istiqamətləndirmə mexanizminin və gender zəmnində zorakılıq kimi bəla ilə mübarizə səylərini əlaqələndirmək məqsədilə çoxtərəfli tərəfdaşlıqlar üçün təkmilləşdirilmiş çərçivənin əsasını qoymalıdır.

Ötən aylar ərzində biz zorakılıq qurbanlarının təhlükəsizliyini və hüquqlarını təmin etmək və daha çox qadın və qızın qurbana çevrilməsinin qarşısını almaq üçün ən effektiv, hərtərəfli yanaşmanı müəyyənləşdirmək məqsədilə birgə və sıx fəaliyyət göstərmişik.

Bizim işləyib hazırladığımız yanaşmada maliyyə cəhətdən müstəqil olan, bununla da zorakılığa və cinsi istismara daha az məruz qalan qadınların öz imkanlarını genişləndirməsinə kömək etmək üçün tədbirlərə önəm verilir.

Bu öhdəlikdən irəli gələrək biz, “Qadınlara və Qızlara Dəstək Olaq” adlı yeni dördillik layihəyə başlamışıq.

Bu layihə, zorakılıq qurbanlarını təhlükəsiz məkanlar, müdafiə və məsləhətlərin verilməsi xidmətləri ilə, eyni zamanda qadınları səhiyyə, hüquqi yardım və sosial dəstək kimi mühüm xidmətlərə çıxış imkanı ilə təmin edəcək. Növbəti dörd il ərzində layihə çərçivəsində əmək qabiliyyətinin artırılması üzrə təlimlər keçirilməklə və özəl müəssisələrin qurulmasına dəstək göstərilməklə qadınların maliyyə cəhətdən müstəqil olmasına yardım etmək üçün əlavə olaraq müxtəlif tədbirlər həyata keçiriləcək.

Layihə Azərbaycanda yaradılmış Qadın Resurs Mərkəzləri şəbəkəsi ilə sıx əməkdaşlıq edəcək və Mərkəzlərin imkanlarının daha da genişləndirilməsi üçün səy göstərəcək. Bu Mərkəzlər bu günə qədər 6,000-dən çox qadını şəbəkələşmək, fikir mübadiləsi aparmaq və tərəfdaşlıqlar qurmaq üçün təhlükəsiz məkanlarla təmin etmişdir.

Qadınlar öz uşaqlarının sağlamlığına, qidalanmasına və təhsilinə daha böyük yatırım etməyə meyilli olduqları üçün onların səlahiyyətlərinin genişləndirilməsi istiqamətində göstərdiyimiz səylər həm də ölkə üçün daha parlaq gələcəyə zəmanət verir. Beləliklə də biz, milli sosial stabillik və təhlükəsizlik üçün perspektivləri yaxşılaşdırırıq.

COVID-19 pandemiyası və Dağlıq Qarabağ münaqişəsi nəticəsində qadınlar və qızlar üçün əlavə həssas məqamların, psixoloji travmalara gətirib çıxaran stress hallarının yaranmasına səbəb olub. Gender əsaslı zorakılığın gizlədilməsinə həmişəlik son qoymaq üçün qadınların səsini eşitmək və gücləndirmək indi əvvəlkindən daha vacibdir.

Sosial mediada aparılan #MeToo (“Mən də”) adlı kampaniyadan da göründüyü kimi, zorakılıq hallarına dair statistikanın işıqlandırılması və bu məsələyə ciddi yanaşma bu istiqamətdə fəaliyyətə təkan vermənin təsirli bir yoludur. Real dəyişikliyə nail olmaq üçün biz qadınların hekayələrini danışmalı, onların dediklərini dinləməli və onlara inanmalıyıq.

Biz qardaşlar, bacılar, atalar, analar, dostlar və qonşular olaraq, ailələrimizdə və cəmiyyətlərimizdə gender əsaslı zorakılığa son qoyulmasında öz rolumuzu dərk etməliyik. Qadınlara qarşı zorakılığa son qoymaq hər kəsin vəzifəsidir. Hər bir fərd: həm kişilər, həm də qadınlar zorakılığın qarşısının alınmasına kömək etmək vəzifəsini daşıyır.

Hər birimiz hər zaman və hər yerdə qadınlara və qızlara dəstək göstərməliyik!

Image for post
Image for post

Get the Medium app

A button that says 'Download on the App Store', and if clicked it will lead you to the iOS App store
A button that says 'Get it on, Google Play', and if clicked it will lead you to the Google Play store